“Memarlıq irsimizi kəşf edirik” adlı tanışlıq turu təşkil olunub

“Memarlıq irsimizi kəşf edirik” adlı tanışlıq turu təşkil olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində könüllü gənclərin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə “Memarlıq irsimizi kəşf edirik” adlı tanışlıq turu təşkil olunub.

Nazirlik tərəfindən gənclərin tarixi-mədəni irsimiz haqqında biliklərinin artırılması, milli-mənəvi dəyərlərə bağlılıq hissinin gücləndirilməsi, eyni zamanda Naxçıvanın zəngin memarlıq irsi və turizm potensialının tanıdılması istiqamətində mütəmadi olaraq maarifləndirici və təşviqedici tədbirlər həyata keçirilir. Bu istiqamətdə təşkil olunan tanışlıq turları gənclərin tarixi abidələri yaxından tanımasına, memarlıq irsimizi daha dərindən öyrənməsinə və milli irsimizin qorunmasının əhəmiyyətini dərk etməsinə töhfə verir.

Tanışlıq turu zamanı iştirakçılara Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksinin yaranma tarixi, orta əsr şəhər mədəniyyəti, qədim müdafiə istehkamları və memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Gənclər muzeydə nümayiş etdirilən qədim məişət əşyaları, əmək alətləri, saxsı və metal məmulatları, silah nümunələri və digər qiymətli eksponatlarla yaxından tanış olublar. Eyni zamanda, Naxçıvanın zəngin tarixi, qədim dövlətçilik ənənələri, maddi-mədəni irsi və əsrlər boyu formalaşmış memarlıq nümunələri barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.